“SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilmişdir. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilmişdir.
184.000 | 120.000 |
ton polipropilen | ton yüksək sıxlıqlı polietilen |
“SOCAR Polymer” şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları öz növü baxımından Azərbaycanın ilk belə zavodlarıdır. Bu zavodlar polimer bazarının bu seqmentində istehsalın artırılması hesabına ölkənin neft-kimya sənayesinin inkişaf etməsi üçün imkan yaradacaq.
Layihəni həyata keçirmək üçün “SOCAR Polymer” şirkəti EPC podratçısı qismində İtaliyanın Tecnimont layihə-konstruktor şirkətini, EPC podratçısının fəaliyyətinə nəzarət etmək üçün isə digər aparıcı layihə-konstruktor şirkəti olan Fluor şirkətini PMC podratçısı qismində işə cəlb edilmişdir. Layihənin icrası və nəzarət məqsədilə, hər şirkətin nümayəndələrindən ibarət Vahid layihə idarə etmə qrupu (IPMT) yaradıldı. Milli mühəndis-texniki kadrların ixtisaslarının artırılmasını təmin etmək məqsədilə Fluor şirkəti xüsusi ixtisasartırma proqramını tərtib edərək yerli mütəxəssislər üçün Amsterdam, Milan və Mumbayda ixtisaslı kurslar təşkil etdi.
“SOCAR Polymer” layihəsi reqressiz maliyyələşdirmə prinsipi əsasında, yəni ana şirkətin borc ödəmə zəmanəti olmadan, Azərbaycanda həyata keçirilmiş ilk belə layihədir. Proqnozlara görə, bu layihənin uğurlu nəticəsi Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq və çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcək.